“Bələdiyyələrə əlavə maliyyə dəstəyi verilməmişdən öncə, verilən istiqamətlərdən necə yararlandıqlarını onlardan soruşmaq lazımdır.”- bu fikri Belediyye.info saytına açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli bildirib.
Onun sözlərinə görə, bələdiyyələr həqiqətən onlara verilən maliyyə istiqamətlərindən tam yararlana bilmirlər. Bu gün mədən vergisnin , sanatoriya- kurort rüsumlarının, küçə reklamlarının və avtomobil dayanacaqlarından daxil olan ödənişlər sıfır həddindədir.
Qeyd edək ki, 2014 -cü ildə daxil olan ödənişlərin 0,3 %-i avtomobil dayancaqlarından, 1,3 % -i mədən vergisindən, cəmi 1,0 %-i isə sanatoriya- kurort rüsumlarından daxil olub. Sədrin sözlərinə görə, yuxarıda qeyd edilən rəqəmlər son on il ərzində demək olar ki dəyiməz qalıb.
Ötən il bələdiyyələrin əldə etdiyi 50 milyon manata yaxın vəsaitin tən yarısı bələdiyyə əmlakının və torpağının özəlləşdirməsindən daxil olub. Son on ildə bu bələdiyyələrin əsas maliyyə istiqaməti olaraq qalıb. Bələdiyyələri digər istiqamətlərdən də maliyyə toplamağa hazırlamaq lazımdır.
Odur ki, əsas diqqəti bələdiyyə üzvlərinin maarifləndirməsinə yönəldilməlidir ki, yeni seçilmiş bələdiyyə sədrləri səhvlərə yol verməsinlər və əlavə maliyyə cəlb edə bilsinlər.
Təşkilat rəhbərinin sözlərinə görə, bələdiyyələr həm özləri öyrənməli, həm də əhali arasında maarifləndirmə işləri aparmalıdırlar. Bundan əlavə ərazilərində konkert layihələrin icrasıyla bağlı əhalidən könüllü vergilərin tətbiqinə də maraq göstərməlidir.